Ulduz sayaraq gözləmişəm hər gecə yarı
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı
Gözlər asılı, yox nə qaraltı , nə də bir səs
Batmış qulağım, gör nə düşürməktədi dari
Bir quş, ayığan, söyləyərək gahdan ıyıldır
Gahdan onu da yel diyə lay-lay huş aparı
Yatmış hamı, bir allah oyaqdır, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı
Qorxum budu yar gəlməyə birdən yarıla sübh
Bağrım yarılar, sübhüm! açılma səni tanri
Dan ulduzu istər çıxa göz yalvarı çıxma
O çıxmasa da ulduzumun yoxdu çıxarı
Gəlməz tanıram bəxtimi indi ağarar sübh
Qaş belə ağardıqca daha baş da ağarı
Eşqin ki qərarında vəfa olmayacaqmış
Bilməm ki təbi`ət niyə qoymuş bu qərarı
Sanki xoruzun son banı xəncərdi soxuldu
Sinəmdə ürək varsa kəsib qırdı damarı
Rişxəndlə qırcandı səhər söylədi:durma
Can qorxusu var eşqin, utuzdun bu qumarı
Oldum qaragün ayrılalı o sarı teldən
Bunca qara günlərdi edən rəngimi sarı
Göz yaşları hər yerdən axarsa məni tuşlar
Dəryayə baxar bəllidi, çayların axari
Əz bəs məni yapraq kimi hicranla saraldıb
Baxsan üzünə sanki qızıl güldü qızari
Mehrabe-şəfəqdə özümü səcdədə gördüm
Qan içrə qəmim yox üzüm olsun sənə sari
Eşqi varıdı Şəhriyarın gülli-çiçəkli
Əfsus qara yel əsdi xəzan oldu bahari