AZƏRBAYCAN TARİXİ
Azərbaycan
sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim
tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət
xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən
qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid
bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan
antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindənidir.
Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən
edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin
formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk
siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan
dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik
Manna çarlığı yaranır. Allahlara məbədlər ucaldılır.
Azərbaycanı öz tə'sir dairəsinə salmaq uğrunda
bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin
şəkildə pozulmasına gətirib çıxardı, nəticədə, bir neçə müstəqil və
yarımüstəqil dövlət qurumları-xanlıqlar meydana gəldi. XVIII əsrin sonu
XIX əsrin əvvəllərində Iran, Türkiyə və Rusiya arasında ziddiyyətlər
güclənməyə başlayır.
Mannalılar təbiət hadisələrinə, günəşə və aya
inanırdılar. Eramızdan əvvəl VI əsrin əvvəllərində Manna Midiya dövləti
tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştilik rəsmi din idi və onun
burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin
mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil
dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri
böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə
bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq "Azərbaycan" şəklinə
düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi
başlamışdır. III-V əsrdə Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanda
xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal
xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mə'nəvi və
dünyəvi mədəniyyət inkişaf edir.
VIII əsrin əvvəllərində Azərbaycan ərəblər
tərəfindən işğala mə'ruz qaldı və Arran vilayəti adı altında Ərəb
Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə
çevrildi. Yeni ənənələr və mədəniyyət təşəkkül tapdı. İslamı qəbul
etmiş digər xalqlar kimi, azərbaycanlılar da ümumi "müsəlman" adı
altında müsəlman mədəniyyətinin inkişafında iştirak etmişlər.
Azərbaycan dünyaya görkəmli alimlərin, şairlərin, memarların böyük bir
şəcərəsini bəxş etmişdir. Orta əsrlərdə Azərbaycanın ərazisində
dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu, Ağqoyunlu,
Səfəvilər. Azərbaycan xalqı dünya mədəniyyətində öz dəstxətti ilə
seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və
ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə
aşılanmışdır.
Xalqımızın "Kitabi Dədə-Qorqud", "Koroğlu"
anları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində
silinməz iz qoymuş Nizami Gəncəvi, Əfzələddin Xəqani, Xətib Təbrizi,
Qətran Təbrizi, Imadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərinin
yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist
idealların bərqərar olmasına xidmət etmişdir. Səfiyəddin Ürməvinin,
Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti
xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur.
Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var.
Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun,
Abbasqulu ağa Bakıxanovun və digər mütəfəkkirlərin adlan dünya elm
aləminə yaxşı tanışdır.
Cavanşir və Babək kimi sərkərdələrin
qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin
bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan
Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah Ismayıl Xətainin və başqa
dövlət xadimlərimizin həyat və fəaliyyəti nəticəsində xalqın Vətən
sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən
vacib, ən ümdə məqsədinə çevirmişdir.
Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi
Azərbaycanı və onun xalqını iki yerə böldü: Azərbaycanın Şimal hissəsi
Rusiya tərəfindən işğal edildi, Cənub hissəsi isə İran dövlətinin
tərkibinə qatıldı. XX əsr Azərbaycan xalqının tarixinə sosial-iqtisadi,
ictimai-siyasi və mədəni təbəddülatlar dövrü kimi olmuşdur.
Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə
bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin
əvvəlində dünya neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini
verməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni
həyatda canlanma hiss edilirdi. Elmin müxtəlif sahələri inkişaf etməyə,
qəzet və jurnallar çap olunmağa başladı.
Siyasi cəmiyyətlərin, təşkilatların,
partiyaların yaradılması, mütərəqqi, demokratik ideyaların intişarı
milli özünüdərkin bərqərar olmasına və inkişafına azadlıq mübarizəsinin
yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada monarxiyanın süqutu
əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı.
1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi
və müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan
sonra bu respublika 1920-ci il aprelin 28-də süqut etdi. XI rus ordusu
Bakıya daxil oldu. 1922-ci il dekabrın ayından Azərbaycan dövlət
atributlarına malik - konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq
respublika kimi SSRİ-nin tərkibinə daxil edildi. 1991-ci ildə
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və dövlət müstəqilliyi
barədə konstitusiya aktı qəbul olundu.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan
Respublikasının bütün xalq tərəfindən bəyənilmiş Konstitusiyası qəbul
edildi. Bu hadisə Azərbaycan xalqının tarixində yeni mərhələnin -
tərəqqi və demokratiya əsrinin başlanması əlamətdardır. Müstəqil
Azərbaycan dövlətinin qurulması bizim həyatımızda mühüm tarixi
hadisədir. Doğrudur, müstəqillik yolu bizim üçün hamar olmayıb və biz
ağır sınaqlara məruz qalmışıq. Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü, erməni qəsbkarlarının ərazimizin 20 faizini işğal etməsi bir
milyondan çox həmvətənimizi doğma yurd-yuvasından didərgin salaraq
qaçqın və köçkünə çevirmişdir. Müstəqil dövlətçiliyimizə mane olmağa
çalışan daxili və xarici qüvvələrin təxribatları, keçmiş iqtisadi
əlaqələrin pozulması, keçid dövrünün sosial-iqtisadi çətinlikləri və
sairə problemlər də bizim müstəqillik yolumuzu xeyli çətinləşdirmişdir.
Lakin bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını,
mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış, əksinə daha da
möhkəmlətmişdir. Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində
ölkənin həyatında əldə edilmiş nailiyyətlər göz qabağındadır.
Ermənistanla 1988-ci ildən bəri davam edən müharibə üç il yarımdan
artıqdır ki dayandırılmış, atəşkəsə nail olunmuşdur. Ölkə daxilində
qeyri-qanuni silahlı dəstələrin fəaliyyətinə birdəfəlik son qoyulmuş.
siyasi hərc-mərcliyin qarşısı alınmışdır. Qətiyyətlə deyə bilərik ki,
hal-hazırda Azərbaycan Respublikası tam siyasi sabitlik şəraitində
yaşayır. Bu da ölkə həyatının müxtəlif sahələrində köklü
dəyişikliklərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycan Respublikası müstəqil bir ölkə kimi demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Cəmiyyətimiz dünyada sınaqdan
çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik
prinsiplər əsasında formalaşır. Xalqımızın tarixi arzusu olan müstəqil
dövlətimizin ilk Konstitusiyası ümumxalq referendumu nəticəsində qəbul
edilmişdir. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin
bərqərar edilməsini əsas qanun şəklində təsbit etdi. Konstitusiyanın
müddəaları əsasında çoxpartiyalı, demokratik seçkilər yolu ilə
parlament yaradılmış, siyasi plüralizmə nail olmaq, cəmiyyətimizdə
demokratik prinsipləri inkişaf etdirmək üçün qanunlar qəbul edilmişdir.
Azərbaycan dilinin dövlət dili kimi
həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait
yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli mövqe
tutması üçün daha geniş perispektivlər açılmışdır. İndi Azərbaycanda
əikir müxtəlifliyi, söz, mətbuat, vicdan azadlığı, insan hüquqlarının
qorunması cəmiyyətimizin əsas və dönməz prinsiplərini təşkil edir.
Xalqımız öz həyatını qanunların aliliyi, tarixi, milli-mənəvi
dəyərlərin qorunması və inkişafı şəraitində qurur və bundan sonra da bu
yolla gedəcəkdir. Azərbaycan iqtisadiyyatı böyük dəyişikliklər və
islahatlar dövrünü yaşayır. Bazar münasibətlərinə keçid və dünya
iqtisadi sisteminə inteqrasiya olunmaq siyasətimizin əsas
istiqamətlərini təşkil edir.
Ölkədə makroiqtisadi sabitlik təmin olunmuş,
80-ci illərin sonundan iqtisadiyyatda baş verən geriləmə hallarının
qarşısı alınmış, bəzi sahələrdə isə nəzərəçarpacaq irəliləyiş əldə
edilmişdir. Bu gün ölkədə aparılan iqtisadi islahatlar keyfiyyətcə yeni
mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın strukturunda köklü
dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminin tələblərinə uyğun
təsisatlar və iqtisadi münasibətlər formalaşır. Hazırda sənayenin,
ticarətin, nəqliyyatın, məişət xidməti sahələrinin özəlləşdirilməsi,
bank-maliyyə sisteminin, istehsalın yenidən qurulması, dünyanın ən
böyük dövlət və özəl qurumları ilə müştərək layihələrin həyata
keçirilməsi və sairə Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi
uğurlardandır.Dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə neft
müqavilələrinin bağlanması, bu müqavilələrin işə başlaması, ilkin
neftin artıq Qərb bazarlarına nəql edilməsi ölkə iqtisadiyyatında böyük
dəyişikliklərə zəmin yaratmışdır. İslahatlar iqtisadiyyatın diğər
sahələrinə nisbətən aqrar sahədə daha sürətlə gedir. Kənd
təsərrüfatında aparılan radikal islahatlar - ictimai və dövlət
mülkiyyətində olan əmlakın özəlləşdirilməsi, torpaqların xüsusi
mülkiyyətə verilməsi, mülkiyyət formalarının dəyişdirilməsi, kəndlidə
həqiqi sahibkarlıq hisslərinin yaradılması öz müsbət nəticələrini
vermiş və Azərbaycanda ərzaq problemi birdəfəlik aradan qaldırılmışdır.
Ölkə iqtisadiyyatında həyata keçirilən dəyişikliklər və bunun
nəticəsində nail olduğumuz inkişaf dövlətə əhalinin sosial vəziyyətini
yaxşılaşdırmaq, elmə, mədəniyyətə, təhsilə daha çox vəsait cəlb etmək
imkanı yaradır.
Azərbaycan bu gün müstəqil bir dövlət kimi
bütün dünyada tanınır və özünəməxsus nüfuza malikdir. İstiqlaliyyət
əldə etdikdən sonra dövlətimiz qısa müddətdə Birləşmiş Millətlər
Təşkilatının. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam
Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin. Türk Dövlətləri
Birliyinin, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının,
Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bərpa və İnkişaf Bankının, İslam
İnkişaf Bankının üzvü olmus, Parlamentlərarası İttifaq, Avropa Şurası,
Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq
təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratmışdır. Azərbaycan
diplomatiyası dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi
bütövlüyünün təmin olunması, bütün ölkələrlə hərtərəfli, bərabər
hüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq sahəsində mühüm
uğurlar qazanmışdır.
Bu gün dövlətimizin ən ağrılı problemİ olan
Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli
ilə bağlı Azərbaycanın haqq səsi dünya dövlətləri, beynəlxalq və
regional qurumlar tərəfindən dəstəklənir. İnanırıq ki, yaxın zamanlarda
bu problem sülh yolu ilə özünün ədalətli həllini tapacaq və ölkəmizin
ərazi bütövlüyü bərpa olunacaqdır. Biz dəfələrlə bəyan etmişik ki,
Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həll olunmalıdır. Biz
müharibə istəmirik. Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz
regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə
arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və
xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma,
mehriban
qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir
http://www.irazturk.com/showthread.php?t=1432